Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində “China Energy Engineering Corporation Limited” (“Energy China”) şirkətinin sədri Sonq Hailianq ilə görüşüb.
Görüşdə “China Energy Engineering Corporation Limited” şirkətinin Azərbaycanda hazırda bir neçə layihə həyata keçirdiyi vurğulandı. Qeyd edildi ki, şirkət Xəzər dənizində 1 qiqavatlıq külək enerjisi meqalayihəsinin podratçısıdır. “China Energy Engineering Corporation Limited” Füzuli rayonunda Günəş enerjisi və digər layihələrə isə investisiya yatırıb.
Söhbət zamanı uzunmüddətli birgə enerji planlaşdırma layihəsi ilə bağlı fikir mübadiləsi aparıldı. Qeyd edək ki, Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində bununla da bağlı sənəd imzalanıb.
Görüşdə Azərbaycanda gələcəkdə enerji tədqiqat mərkəzinin yaradılması ilə bağlı məsələlər müzakirə olundu. Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.