Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib.
Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində çox uğurlu və səmərəli əməkdaşlığın olduğunu vurğulayan qonaq ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş rolunda çıxış etdiyini dedi.
Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan artıq Avropanın 10 ölkəsini, o cümlədən Avropa İttifaqının 8 üzvünü qazla təchiz edir. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan qaz təchizatının coğrafi əhatəsinə görə Avropa məkanını qazla təmin edən ilk ölkələrdən biridir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.
Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.