24-28 noyabr 2025-ci il tarixlərində Latviya, Estoniya və Finlandiyanı əhatə edən genişmiqyaslı ticarət missiyası Azərbaycan şirkətlərinin iştirakı ilə həyata keçirilmişdir. Missiya çərçivəsində Azərbaycan nümayəndə heyəti Mərkəzi Baltikyanı regionunun biznes mühitini yaxından öyrənmiş, yeni tərəfdaşlarla əlaqələr qurmuş, innovasiya, logistika, təhsil, texnologiya və investisiya sahələrində əməkdaşlıq imkanlarını araşdırmaq imkanı əldə etmişdir.
“LEF Network Azerbaijan” layihəsi çərçivəsində baş tutmuş missiya Estoniya Ticarət və Sənaye Palatası (ECCI), Latviyanın Ticarət və Sənaye Palatası (LCCI) və Satakunta Tətbiqi Elmlər Universitetinin (SAMK) dəstəyi ilə təşkil olunmuşdur.
Missiyanın əsas mərhələsi Tallinndə başlamışdır. İlk gündə nümayəndə heyəti bir sıra qurumlarla görüşlər keçirərək innovasiya sahəsində tətbiq olunan yeniliklərlə, şəbəkə infrastrukturunun idarə olunması və qabaqcıl texnoloji həlləri ilə tanış olmuşdur.
Daha sonra Azərbaycan Respublikasının Estoniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri ilə “Caspian Energy Club Europe”un sədri Rasim Mahmudovla görüşü baş tutmuşdur. Görüş əsnasında tərəflər Azərbaycan-Estoniya biznes əlaqələrinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərini müzakirə etmiş, ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində mümkün addımları, yeni investisiya və layihə imkanlarını, həmçinin “LEF Network Azerbaijan” proqramının icrası və layihənin regionda yaratdığı perspektivləri ətraflı müzakirə etmişlər.
25 noyabr tarixində missiya iştirakçıları “DHL Express Estonia” şirkətini ziyarət edərək logistika sahəsində tətbiq olunan müasir texnoloji yeniliklər, rəqəmsal xidmətlər və avtomatlaşdırılmış proseslər barədə geniş məlumat əldə etmişlər. Günün davamında nümayəndə heyəti “Beynəlxalq biznes forum: Azərbaycan diqqət mərkəzində - yeni biznes fürsətlər” adlı irimiqyaslı tədbirdə iştirak etmişdir. Forum çərçivəsində Azərbaycan, Estoniya, Latviya və Finlandiya arasında biznes əlaqələrinin dərinləşdirilməsi, startap ekosistemlərinin inkişafı, yeni investisiya sahələrinin müəyyənləşdirilməsi və beynəlxalq ticarət əməkdaşlığının genişləndirilməsi istiqamətlərində panel müzakirələri və təqdimatlar keçirilmişdir.
Missiya çərçivəsində səfər iştirakçıları Tallində yerləşən Azərbaycan Evini ziyarət etmiş və Estoniya, Latviya və Finlandiyadan olan palata nümayəndələri və şirkət rəhbərləri ilə görüşdə iştirak etmişlər. Qonaqlar üçün təşkil edilən qəbul zamanı mərkəzin fəaliyyəti ilə də tanışlıq baş tutmuşdur.
Bundan sonra missiya paralel şəkildə Finlandiya və Latviya istiqamətlərində davam etdirilmişdir. 27 noyabr tarixində nümayəndə heyəti Latviyada Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanovla görüşərək ikitərəfli əlaqələrin cari vəziyyətini və gələcək inkişaf istiqamətlərini müzakirə etmişdir.
Növbəti gün nümayəndə heyətinin üzvləri üçün Latviyanın Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Katrina Zarina ilə görüş təşkil edilmiş, ardınca şirkətlər üçün fərdi işgüzar görüşlər təşkil olunmuşdur.
Missiyanın sonuncu günündə Azərbaycan nümayəndə heyəti Finlandiya Parlamentini ziyarət edərək ölkənin siyasi, iqtisadi və institusional sistemi barədə geniş məlumat əldə etmiş və Finlandiyanın idarəetmə modelinin müxtəlif istiqamətləri ilə tanış olmuşdur.
Bu ticarət missiyası Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi və yeni biznes tərəfdaşlıqlarının qurulması baxımından mühüm addım kimi qiymətləndirilmişdir.
“2023-cü ildən etibarən Estoniya və Latviya Ticarət və Sənaye Palataları, həmçinin Satakunta Universiteti ilə birlikdə Azərbaycana altı biznes missiyası və Mərkəzi Baltikyanı ölkələrə isə üç işgüzar missiya təşkil etmişik. Layihə uğurla davam edir və 2026-cı ilə qədər həyata keçiriləcək. Layihənin ilkin məqsədi şirkətlər arasında on müqavilə bağlamaq idi ki, biz artıq bu hədəfi aşaraq ümumilikdə on altı saziş imzalamışıq və onların ən sonuncusu “Beynəlxalq biznes forum: Azərbaycan diqqət mərkəzində - yeni biznes fürsətlər” forumu çərçivəsində
bağlanıb. Biz Latviya, Estoniya və Finlandiyadan olan tərəfdaşlarımızla əməkdaşlığımızı davam etdirmək niyyətindəyik”, - deyə Rasim Mahmudov bildirmişdir.
Xatırladaq ki, “Caspian Energy Club International” “European Union Central Baltic” proqramı çərçivəsində yaradılmış “LEF Network Azerbaijan” layihəsinin rəsmi tərəfdaşı seçilib. Üçillik “LEF Network Azerbaijan” layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığın inkişafına yönəlib. 2023-cü ildən başlayan layihə 3 il ərzində yaşıl texnologiyalar, informasiya texnologiyaları və təhsil sektorlarında fəaliyyət göstərən şirkətlərə dəstək verəcək. Bu layihə çərçivəsində 36 ay ərzində Finlandiya, Estoniya, Latviya və Azərbaycan şirkətləri arasında İKT, yaşıl texnologiyalar və təhsil sahəsində müqavilələrin imzalanması planlaşdırılır. Layihənin aparıcı tərəfdaşları Latviya Ticarət və Sənaye Palatası, Estoniya Ticarət və Sənaye Palatası və Finlandiyanın Satakunta Tətbiqi Elmlər Universitetidir.
“Caspian Energy Holding” haqqında qısa məlumat
“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində birləşdirmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.
“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”, “Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.
“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.
2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır
Read 98 times

