Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 14 aprel tarixində “Sea Breeze Uzbekistan” beynəlxalq turizm mərkəzinin baş planının təqdimatı ilə tanış olub.
Təqdimat zamanı bir neçə xarici şirkətin iştirakı ilə hazırlanmış bu genişmiqyaslı layihənin baş planı nəzərdən keçirilib.
Qeyd edildiyi kimi, layihə mərkəzin mərhələli şəkildə inşasını nəzərdə tutur və o, 10 kompakt zonaya bölünəcək. Hər bir zona istirahət obyektləri və piyada məsafəsində yerləşən zəruri xidmətləri özündə birləşdirəcək. Ziyarətçilərin rahatlığı üçün su hövzəsinin iki sahili arasında körpü tikilməsi planlaşdırılır. Sahil boyu bulvarlar, çimərliklər və istirahət zonaları yaradılacaq, yamaclarda isə mehmanxanalar, kotteclər, yaşayış binaları, restoranlar və izləmə meydançaları inşa olunacaq. Bundan əlavə, ərazidə mədəniyyət, təhsil, səhiyyə və idman obyektləri də fəaliyyət göstərəcək.
Beləliklə, kompleks təkcə turizm məkanı deyil, həm də ilboyu yaşayış üçün nəzərdə tutulmuş müasir bir məkana çevriləcək. Bu barədə “Caspian Energy Media” Özbəkistan Prezidentinin rəsmi saytına istinadən xəbər verir.