Bakıda Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) və “Caspian Energy Club”ın birgə təşkilatçılığı ilə 13-cü Beynəlxalq “Caspian Energy Forum 2025” keçirilib.
13-cü Beynəlxalq “Caspian Energy Forum 2025” hökumət nümayəndələrini, habelə enerji, qaz, logistika və infrastruktur sektorlarında fəaliyyət göstərən şirkət rəhbərlərini, beynəlxalq maliyyə institutlarını və diplomatik nümayəndəlikləri bir araya gətirərək, regionun qlobal enerji keçidindəki rolunu və əməkdaşlıq perspektivlərinin müzakirəsinə imkan yaradıb.
Tədbirin əsas məqsədi COP29 və COP30 kimi beynəlxalq konfranslar çərçivəsində Azərbaycanın enerji gündəliyinin əsas istiqamətlərini, “Yaşıl Enerji Dəhlizi” layihəsinin inkişafını və neft-qaz sektorunda Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qara dəniz ölkələri arasında strateji əməkdaşlığın dərinləşdirilməsini, davamlı enerji sahəsində investisiyaların cəlb olunmasını və tərəfdaşlığın genişləndirilməsini gündəmə gətirmək olub.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini Samirə Musayeva və Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanın enerji sektorunda həyata keçirilən islahatlar, yaşıl enerji keçidinin strateji əhəmiyyəti və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi barədə fikirlərini bölüşüblər.
Açılış mərasimi çərçivəsində çıxış edən qonaqlara təşəkkürnamə sertifikatları təqdim olunub.
“Yaşıl Enerjinin İstehsalı, Ötürülməsi və Maliyyələşdirilməsi” adlı birinci panelin moderatoru qismində içtirak edən Telman Əliyev çıxışında Azərbaycanın enerji sisteminin yeni mərhələyə keçidində yaşıl layihələrin və beynəlxalq tərəfdaşlığın rolunu vurğulayıb.
Paneldə “Masdar Azərbaycan” MMC-nin Direktoru Murad Sadıqov, “SOCAR Green” MMCnin Maliyyə departamentinin direktoru Rza Nağıyev və “AGEC” şirkətinin Baş Maliyyə İnzibatçısı və İdarə Heyətinin üzvü Xəyalə Nağıyeva çıxış ediblər. Spikerlər Azərbaycanın yaşıl enerji mənbəyi və tranzit ölkəsi kimi potensialı, ESG və dayanıqlılıq strategiyalarının inkişafı, sərhədlərarası enerji ötürülməsi və şəbəkə inteqrasiyası, eləcə də Orta Dəhliz çərçivəsində “Yaşıl Enerji Dəhlizi” və “Black Sea Submarine Cable” təşəbbüsü və maliyyə institutlarının yaşıl enerji layihələrinə dəstəyi barədə fikirlərini bölüşüblər.
“Qaz Sektorunun Reallıqları və Enerji Keçidi” adlı ikinci panelin moderatoru “Uniper” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Rəşad Hüseynli olub.
Paneldə Asiya İnkişaf Bankının (ADB) Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Jamal və “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun strategiya və dayanıqlıq üzrə müavini Təbriz Əmmayev iştirak ediblər.
Spikerlər qaz sektorunun enerji keçidindəki rolu, Avropanın enerji təchizatında regionun əhəmiyyəti, həmçinin bərpa olunan enerji ilə paralel inkişaf modelləri və maliyyələşdirmə çağırışları barədə çıxışlar ediblər.
“Azərbaycan üçün yaşıl enerji yeni enerji mənbəyi olmaqla yanaşı gələcək nəsillər qarşısında məsuliyyət anlayışıdır. “Yaşıl Enerji Dəhlizi” təşəbbüsü təkcə Azərbaycanın deyil, bütün regionun enerji təhlükəsizliyinə və dayanıqlı gələcəyinə xidmət edir. Azərbaycanın coğrafi mövqeyi, infrastruktur potensialı və siyasi iradəsi bu prosesdə mühüm üstünlük yaradır. Biz inanırıq ki, yaşıl enerji sektoru yaxın illərdə həm investisiya, həm də innovasiya baxımından ölkəmizin inkişafında yeni səhifə açacaq”, - forum barədə danışan Telman Əliyev qeyd edib.
Onun sözlərinə görə, “Caspian Energy Forum” artıq 13 ildir ki, regionda enerji dialoqunun aparıcı forumlarından biri kimi formalaşıb.
“Yaşıl enerji Azərbaycanın gələcək inkişaf xəritəsinin mərkəzində dayanır. Bu gün biz yeni dövrün astanasındayıq - burada neft və qaz resursları ilə yanaşı, günəş, külək və hidrogen də iqtisadi gücün ayrılmaz hissəsinə çevrilir. Biz inanırıq ki, Azərbaycan bu prosesdə regional əməkdaşlığa töhfə verəcək və enerji sektorunu davamlı şəkildə inkişaf etdirəcək”, - Telman Əliyev əlavə edib.
“Forumun gedişatına verdikləri dəstəyə görə bütün tərəfdaşlara və iştirakçılara dərin təşəkkürümüzü bildiririk. Forumun sponsorları olan “Debet Safety” şirkətinə və onun təsisçisi və baş direktoruna Əsəd Nəsrullayevə, eləcə də “Bon Accord Engineering Supplies (Caspian) LTD” şirkətinə və onun təsisçisi və baş menecerinə İlqar Axundova xüsusi minnətdarlıq ifadə etmək istərdik. Bu şirkətlər uzun illərdir “Caspian Energy Club”la uğurlu əməkdaşlıq münasibətlərini davam etdirir və forumda da fəal iştirakları ilə təşəbbüsə mühüm töhfə vermişlər”, - Telman Əliyev bildirib.
Forum çərçivəsində “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov və “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Korporativ sosial məsuliyyətin təşviqi, şəhid ailələri və müharibə əlillərinə dəstək məqsədilə imzalanmış razılaşmaya əsasən, 2026-cı ildə keçiriləcək “Brand Award Azerbaijan” milli müsabiqəsində iştirak etmək və öz ticarət markasını təqdim etmək istəyən bütün şirkətlər “YAŞAT” Fonduna minimum 200 AZN məbləğində ianə etməli və ödəniş qəbzini Təşkilat Komitəsinə təqdim etməlidirlər. Qeyd edək ki, milli müsabiqədə iştirak etmək üçün bu yeganə tələbdir və bu şərti yerinə yetirən şirkətlər müsabiqədə tamamilə ödənişsiz şəkildə iştirak hüququ qazanacaqlar.
Forumun rəsmi hissəsindən sonra iştirakçılar üçün ənənəvi networking sessiyası təşkil olunub. Daha sonra forum iştirakçıları “Qaradağ” Günəş Elektrik Stansiyasına “Grand CEO Tour” çərçivəsində səfər ediblər.
“Caspian Energy Holding” haqqında qısa məlumat
“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində birləşdirmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.
“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir:“Caspian Energy Club”,“Caspian Energy Club International”,“Caspian Energy EXIFOR Group”,“Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”,“Caspian Energy Entertainment Group”,“Caspian Energy Jobs Group”.
“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində halhazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.
2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.
2004-cü ildən fəaliyyət göstərən “Caspian Energy EXIFOR Group” dünyanın 20-dən çox ölkəsində “Caspian Energy Forum”, “Caspian Investment Forum”, Milli Biznesin İnkişafı Forumu, Milli Maliyyə Əlçatanlığı Forumu, “Caspian Innovation Forum” və iqtisadiyyatın fərqli istiqamətlərini əhatə edən beynəlxalq və milli forumlar, meetup-lar və dəyirmi masalar təşkil edir.

 
						 
						 
						 
		  	