17 dekabr tarixində Bakıda “Caspian Energy Club”, Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) və “Award Organizers Group”un birgə təşkilatçılığı ilə ilin ən böyük “networking” tədbiri olan 12-ci “Caspian Business Award 2025” beynəlxalq mükafatının təltifetmə mərasimi keçirilib. Tədbir eyni zamanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil olunan rəsmi ziyafətlə müşayiət olunub.
Mərasimdə “Caspian Energy Club”a üzv olan dövlət qurumlarının rəhbərləri, yerli və xarici dövlət və özəl şirkətlərin birinci şəxsləri iştirak ediblər.
Tədbirin açılışında iştirakçıları salamlayan Telman Əliyev “Caspian Energy Club”ın yaranma tarixi, fəaliyyət istiqamətləri və klubun ətrafında formalaşan güclü “networking” şəbəkəsi haqqında ətraflı məlumat verib.
“Bu il “Caspian Energy Club” üçün çoxsaylı maraqlı çağırışlar və yeni təşəbbüslərlə yadda qalmışdır. “Caspian Energy Club” olaraq hökümətin müxtəlif platformalarında irəli sürdüyümüz sual və təkliflərə dövlət qurumları tərəfindən operativ reaksiyanın verilməsinin, eləcə də səmimi dəstəyin şahidi olduq. Bu, dövlət-özəl sektor arasında mövcud olan dialoqun real nəticələrə yönəldiyini bir daha nümayiş etdirdi.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasəti və strateji xəttini çox uğurla davam etdirir, həyata keçirir və biz hamımız Azərbaycanın qlobal proseslərin vacib iştirakçısına çevrilməsinin şahidiyik. Azərbaycan xəritədə kiçik bir nöqtə kimi görünsə də, böyük və qlobal proseslərin aktiv iştirakçısıdır.
Qeyd edim ki, cari il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu həmçinin dövlət idarəçiliyində həyata keçirilən islahatların, eləcə də iqtisadi inkişafın prioritet istiqamət kimi müəyyənləşdirildiyini göstərir. İl ərzində ölkənin Ali rəhbərliyi tərəfindən iqtisadiyyatın rəqəmsallaşdırılması, biznes proseslərin sadələşdirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi, eləcə də dövlət-özəl sektor əməkdaşlığın aktivləşdirilməsi istiqamətində bir sıra mühüm fərman və sərəncam imzalanmışdır. Atılan bu ardıcıl addımların nəticəsi olaraq qarşıdakı ilin daha aktiv, dinamik və uğurlu olacağına inanırıq.
Həmçinin 2025-ci il ərzində “Caspian Energy Club”ın fəaliyyyətinə göstərilən fəal dəstəyə görə Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya, Azərbaycan Respublikasının İqtisadi Şurasının "Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması" islahatları üzrə İşçi Qrupu, habelə aidiyyəti nazirliklərə, dövlət xidmətlərinə, dövlət agentliklərinə və dövlət fondlarına xüsusi minnətdarlığımızı bildirirəm. Ümid edirəm ki, dövlət qurumları ilə “Caspian Energy Club” arasında qurulmuş bu açıq və səmərəli dialoq özəl sektor subyektlərinin arasındasağlam ünsiyyətin formalaşmasına və ölkədə şəffaf biznes mühitinin inkişafına mühüm töhfə verir”, - deyə Telman Əliyev çıxışında bildirib.
O, həmçinin əlavə edib ki, il ərzində Milli Biznesin İnkişafı Forumu, Milli Maliyyə Əlçatanlığı Forumu, Caspian Investment Forum, Caspian Innovation Forum, Caspian Energy Forum və digər tədbirlər çərçivəsində həm Azərbaycanda, həm də dünyanın 27 ölkəsində tədbirlər təşkil edilib və bu proses davam etdiriləcək.
“Caspian Business Award 2025” 6 ay ərzində şirkət sahibləri və rəhbərlər arasında keçirilən sorğu nəticəsində təqdim olunur. Təltifetmə mərasimi çərçivəsində müxtəlif sahələrdə yüksək nailiyyətləri, bazarda davamlı inkişafı və innovativ yanaşmaları ilə seçilən şirkətlər və sahibkarlar mükafata layiq görülüblər. Belə ki, “Caspian Business Award 2025” mükafatı aşağıdakı nominasiyalar üzrə təqdim edilib:
• İlkin Abışov - “Sahibkarliğin inkişafina verdiyi xüsusi töhfəyə görə”;
• Teymur Rzayev - “Sahibkarliğin inkişafina verdiyi xüsusi töhfəyə görə”;
• Rəhim Sultanov - “Sahibkarliğin inkişafina verdiyi xüsusi töhfəyə görə”;
• Cabir Cümşüdov - “Sahibkarliğin inkişafina verdiyi xüsusi töhfəyə görə”;
• Fərid Məmmədov - “Sahibkarliğin inkişafina verdiyi xüsusi töhfəyə görə”;
• Mikayıl Yusifov - “Sahibkarliğin inkişafina verdiyi xüsusi töhfəyə görə”;
• Nəcməddin Taşbağ - “Sahibkarliğin inkişafina verdiyi xüsusi töhfəyə görə”.
Həmçinin “Caspian Business Award 2025” mükafatına aşağıdakı şirkətlər müvafiq nominasiyalar üzrə layiq görülüblər:
• “Azərişıq” ASC - kommunal xidmətlər sahəsinin inkişafına verdiyi töhfəyə görə;
• “Sabah Investment Group”- ilin tikinti şirkəti;
• “FChain” - ilin konsaltinq şirkəti;
• “Natura” - ilin təbii meyvə şirəsi;
• “Aztrade” - ilin distribütor şirkəti;
• “R Group Holding” - ilin neft və qaz logistika şirkəti;
• “ATS Food” MMC-nin “Çörəkçi” markası- ilin un məmulatları istehsalçısı şirkəti;
• “N.A.N.T” MMC - ilin qənnadı məhsulları üzrə distribütor şirkəti;
• “ASG Business Aviation” - Xəzər–Qara dəniz regionunda biznes aviasiyası sahəsi üzrə ilin şirkəti;
• “ABB-İnvest İnvestisiya Şirkəti” QSC - ilin İnvestisya şirkəti;
• “Azpetrol” - ilin yanacaqdoldurma məntəqələri şəbəkəsi;
• “Eight Group” - ilin restoranlar şəbəkəsi;
• “DKV Mobility” - ağıllı mobillik və rəqəmsal ödəniş həlləri sahəsində ilin şirkəti;
• “MyShops” - ilin elektronika şirkəti;
• “SOCAR Polimer” MMC - ilin neft-kimya şirkəti;
• “Konsis” MMC - ilin tədbir təşkilatçısı;
• “Azərsüd” - ilin süd məhsulları istehsalçısı şirkəti.“
Burada təltif olunan hər bir şirkət öz sahəsində liderlik nümunəsi göstərərək innovativ yanaşmaları, dayanıqlı inkişaf strategiyaları və yüksək korporativ mədəniyyətləri ilə yerli bazarda, eyni zamanda regional və qlobal miqyasda rəqabətədavamlı olduqlarını sübut edirlər. Əminik ki, bu gün burada təltif olunan şirkətlərin hər biri gələcəkdə də ölkə iqtisadiyyatının inkişafında, beynəlxalq əməkdaşlığın genişlənməsində və Azərbaycan brendinin beynəlxalq arenada daha güclü tanıdılmasında fəal rol oynayacaqdır”, - Telman Əliyev çıxışında qeyd edib.
Qeyd edək ki, “Caspian Business Award” artıq uzun illərdir regionda biznesin inkişafına töhfə verən, innovasiya və tərəfdaşlığı təşviq edən ən mühüm platformalardan biri kimi tanınır və hər il müxtəlif ölkələrdə iqtisadiyyatın fərqli sektorlarını təmsil edən qabaqcıl şirkətləri bir araya gətirir.
“Caspian Energy Holding” haqqında qısa məlumat
“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində birləşdirmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.
“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”,“Award Organizers Group”,“Caspian Energy Research Group”, “Caspian Energy Entertainment Group”,“Caspian Energy Jobs Group”.
“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.
2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycansahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.
2004-cü ildən “Caspian Energy Club”ın dəstəyi ilə fəaliyyət göstərən “Award Organizers Group” dünyanın 12 ölkəsində “Caspian Energy Award”, “Caspian Business Award”, “Brand Award”, “CEO Award” və digər milli və beynəlxalq mükafatların təqdimat mərasimlərinin və müsabiqələrinin təşkilatçısıdır.

