Friday, 10 October 2025 15:53

Cavid Əbdul-Qədirov “Caspian Energy Club”ın üzvləri ilə görüşüb

9 oktyabr tarixində Oğuz Rayon İcra Hakimiyyətinin dəstəyi, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə Milli Biznesin İnkişafı Forumunun onuncu xüsusi sessiyasını keçirilib. 

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov forumda fəxri qonaq qismində iştirak edib. Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyası əsnasında Oğuz rayonunun iqtisadi potensialı, sahibkarlıq üçün yaradılan imkanlar və bölgənin gələcək inkişaf perspektivləri haqqında geniş məlumat təqdim olunub. Çıxışlar zamanı rayonun kənd təsərrüfatı, maldarçılıq, bitkiçilik, taxılçılıq, tütünçülük və tərəvəzçilik sahələrindəki üstünlükləri vurğulanaraq, xüsusilə fındıqçılıq və arıçılıq sahələrindəki imkanlar qeyd edilib, yerli və xarici investorlar üçün açılan yeni əməkdaşlıq imkanları diqqətə çatdırılıb. 

Eyni zamanda, sessiya çərçivəsində Oğuz rayonunda həyata keçirilən infrastruktur layihələri, yeni iş yerlərinin yaradılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində görülən tədbirlər barədə danışılıb. Qonaqlara həmçinin rayonun sosial-iqtisadi inkişafına dair təqdimatlar göstərilib və potensial investorlarla qarşılıqlı müzakirələr aparılıb. 

Sual-cavab sessiyası ilə davam edən forum iştirakçılar üçün daha interaktiv mühit yaradıb. Burada sahibkarlar və investorlar Oğuz rayonunun iqtisadi imkanları ilə bağlı onları maraqlandıran suallarını ünvanlayıb, praktik cavablar alıblar. Sessiya zamanı biznes mühitinin yaxşılaşdırılması, yerli məhsulların ixrac potensialı, regionda turizmin inkişafı və innovativ layihələrin reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. 

Forumun sonunda Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirova “Caspian Energy Club”ın fəxri üzvlük sertifikatı təqdim olunub. 

“Oğuz rayonunun iqtisadi potensialı və sahibkarlıq üçün əlverişli imkanları barədə bu forum çərçivəsində geniş müzakirələrin aparılması çox önəmlidir. Bizim əsas məqsədimiz yerli və xarici investorlarla əməkdaşlığı genişləndirmək, yeni iş yerləri yaratmaq, regionun sosial-iqtisadi inkişafına təkan verməkdir. Oğuzun kənd təsərrüfatı, turizm və sənaye sahələrində böyük imkanlar mövcuddur və biz bütün tərəfdaşlarımızı bu imkanlardan birgə faydalanmağa dəvət edirik”, - Cavid Əbdul-Qədirov qeyd edib.  

Forumun yekunu olaraq, təşkilatçılar belə tədbirlərin yerli biznesin beynəlxalq aləmə inteqrasiyasında və regionlara yeni investisiyaların cəlb olunmasında mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıblar. 

“Caspian Energy Holding” haqqında qısa məlumat   

“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində birləşdirmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq. 

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: 

• “Caspian Energy Club” 

• “Caspian Energy Club International” 

• “Caspian Energy EXIFOR Group”• “Caspian Energy International Media Group” 

• “Award Organizers Group” 

• “Caspian Energy Research Group” 

• “Caspian Energy Entertainment Group” 

• “Caspian Energy Jobs Group” 

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digərxidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək. 

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır. 

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır. 

2004-cü ildən fəaliyyət göstərən “Caspian Energy EXIFOR Group” dünyanın 20-dən çox ölkəsində “Caspian Energy Forum”, “Caspian Investment Forum”, Milli Biznesin İnkişafı Forumu, Milli Maliyyə Əlçatanlığı Forumu, “Caspian Innovation Forum” və iqtisadiyyatın fərqli istiqamətlərini əhatə edən beynəlxalq və milli forumlar, meetup-lar və dəyirmi masalar təşkil edir.

Read 20 times

 

NEWS